PDA

View Full Version : Ubuntu Hoary 5.04 əs-də doğma "ə" hərfi üçün klaviatura düzəlişi


arazaxirelcinellersadolur
December 12th, 2005, 10:19 AM
Linuksçuları salamlayıram.
Mənim bu yazımda məqsədim, öz doğma "ə" hərfimizin istənilən klaviaturada köməkçi düymələrə basmadan (Alt, AltGr və s.) yazılması üçün tapdığım bir yolu linuksçularla bölüşməkdir.
Burada mən özümün istifadə etdiyim Turkish_F klaviaturasını başa salmağa çalışacağam. Sizin istifadə etdiyiniz klaviatura düzülüşlərinə edəcəyiniz dəyişikliklər də eynidir. Yalnız siz, istifadə etdiyiniz klaviatura düzülüşünə müvafiq sənədin içində eyni dəyişiklikləri edəcəksiniz, vəssalam.
Əvvəlcə onu qeyd edim ki, Ubuntu Hoary 5.04 sistemini hələ ilk dəfə makinaya qurarkən sistem sizdən dil və klaviatura seçməyi təklif edir. Bu zaman siz sistemin sizə istifadə olunacaq Dil kimi təklif etdiyi US English seçirsiz. Klaviatura kimi istifadə olunacaq düzülüşü də sistem sizə təklif edir; çox vaxt bu - US American olur. Biz buna da «bəli» deyib sistemimizi orijinal ingilis dilində quraşdırırıq. Sistem tam qurulub başa çatandan sonra isə, keçirik öz doğma «ə» hərfimizi sistemə tanıtmağa.
Deməli belə. Sistemim quruluşunu başa çatdırdı. Mən üst panelə Keyboard Swicher əlavə edirəm (panelin üstündə siçanın sağ düyməsinə basıb «Add ...» deyirik, pəncərədan seçib təsdiqləyirik). Görürəm ki, klaviatura dəyişmə xanasında «USA» yazır; bu, sistemi quraşdırdığım və sistemin bütün yazı işlərində əsas hesab etdiyi dil və klaviatura düzülüşüdür («Q» vəya «qwerty» dediyimiz düzülüş). Siçanı onun üstünə gətirib yenə sağ düyməsinə basıb onun xüsusiyyətlərinə dair pəncərəni açıram və oradakı «Open Keyboard Preferences» əmrini verirəm. Ekrana gələn pəncərədən «Layouts» seçirik. «Add» deyib sol cinahdan Turkish-i tapib içindəki «F» düzülüşünü seçirəm və təsdiqləyirəm (Ok). İlk pəncərəyə geri qayıdır. Bu zaman burada «U.S. English» ilə bərabər indicə əlavə etdiyim «Turkish Turkish (F)»-i də görürəm. Hər ikisinin də qarşısında kvadrat xanalar vardır. Bunların hansını seçsək və ya «içinə quş qoymağ»ımızın mənası odur ki, sistem bütün yazı işlərində klaviatura düzülüşü kimi məhz o düzülüşü üstün tutacaq. Odur ki, mən burada «Turkish Turkish (F)»-in qarşısına «qush qoyuram» və «Close» deyib pəncərəni bağlayıram.
İndi bu Türkcə F düzülüşündə bizim «ə» hərfini rahat yaza biləcəyim bir düymə seçmə mərhələsinə keçirəm. Hesab edirəm ki, əlifbamızda olmayan «wW» hərflərinin yeri mənə uyğundur. Bu qərara gəldikdən sonra da əsas məsələyə keçib bu «Turkish Turkish (F)» düzülüşünün sənədinə müvafiq dəyişikliyi etməyə başlayıram.

Ubuntu-nun dəstəklədiyi bütün klaviatura düzülüşlərinin sənədləri sistemdə özləri üçün müəyyənləşdirilmiş qovluqda yerləşir. Bu qovluğun ünvanı belədir:

/etc/X11/xkb/symbols

Bu məqamda bir məsələni aydınlaşdırmaq lazımdır. Əgər siz mənim kimi Türkcə F istifadə edirsinizsə aşağıdakı paraqraflardan yalnız 1-cisini tətbiq edin, bu, kifayət edir. Yox, əgər siz başqa bir düzülüşdən istifadə edirsinizsə, onda 1-ci mərhələnin sizə dəxli yoxdur; siz birbaşa 2-ci mərhələyə keçin.

1. Burada olan və istifadə etdiyim «Turkish Turkish (F)» klaviatura düzülüşünə etdiyim müvafiq dəyişikliyin 2-ci mərhələdə izah etdiyim kimi, sadə olmasına baxmayaraq niyə «işləmədiyinə» dair apardığım bütün araşdırma və tədqiqatlarım, rəsmi Ubuntu saytında apardığım sorğular nəticəsiz qalmışdır. E.Hüseynovun KDE sistemində bu məsələyə dair təklif etdiyi saytı ziyarət etdikdən sonra orada göstərilənləri Gnome-yə tətbiq etdiyim zaman bu məsələ öz həllini tapdı. Həll yolu aşağıdakı kimidir:

Yuxarıda göstərdiyim cərgədə (/etc/X11/xkb/symbols) bir də «pc» qovluğu vardır. Burada da, .../symbols cərgəsində mövcud olan klaviatura düzülüşlərinə bənzər sənədlər vardır. Fikrimcə, .../symbols cərgəsində mövcud olan klaviatura sənədləri məhz .../pc cərgəsindəki sənədlərə əsaslanır. 2-ci mərhələdə göstərdiyim dəyişikliklərin yox, məhz burada olan sənəddə etdiyim dəyişikliklərin sistem tərəfindən tanınması da ən böyük dəlilimdir. Bu problemin bu və ya digər hansısa bir xətaya bağlı olaraq meydana çıxması məsələsini biz bir yana qoyub onun həllini qurucularına həvalə edərək öz hərfimizi sistemə tanıdırıq. Mən bu qovluğu sistemə əsas istifadəçi kimi (root) daxil olub açıram:

root@memmedzadee:/ #

-də ikən bu əmri verirəm:

cd /etc/X11/xkb/symbols/pc

və qarşıma bu sətir çıxır:

root@memmedzadee:/etc/X11/xkb/symbols/pc #

burada öz klaviatura düzülüşümün müvafiq sənədini tapıb görmək üçün buradan «ls» (list=siyahı) əmrini verirəm:

root@memmedzadee:/etc/X11/xkb/symbols/pc #ls

Burada olan «tr» sənədini açmaq üçün əmr verirəm:

root@memmedzadee:/etc/X11/xkb/symbols/pc #gedit tr

Mətn proqramında açılan sənədin daxilində Türkiyədə istifadə olunan hər iki - həm «Q», həm də «F» klaviatura düzülüşlərinin sistem yazılışları mövcuddur. Odur ki, biz istifadə etdiyimiz «F» düzülüşünün sırasını tapırıq. Görürük ki, mətn daxilində 62-ci sıradan etibarən «F» düzülüşü başlayır (əgər sizin mətn redaktorunuz sətirlərin nömrəsini göstərmirsə, bunu mətn redaktorunun Edit>Preferences>View başlığı altındakı «Display line numbers»-i seçərək aktivləşdirə bilərsiniz).
Mənim qərar verdiyimə görə, «wW» hərflərinin olduğu sətir 93-cü sətirdir; burada «key » vardır. Mən bu sətirdə öz dəyişikliklərimi edirəm və bundan sonra mənim 93-cü sətirim bu şəkildə olur:

key { [ 0x1000259, 0x100018f, w, W ] };

Burada göründüyü kimi, «wW» hərləri də vardır. Bunların yazılması üçün «AltGr»-dan kömək alırıq; yəni, «AltGr»-a basılı tutub düyməyə bassaq, o zaman «wW» simvolunu yaza bilirik.

Burada 4 ədəd hərf tərifi görürük. Bunlar 1-2 və 3-4 kimi qruplaşdığına görə (1-ci Qrup: 0x1000259,0x100018f; 2-ci Qrup: w,W) hər iki qrupun 1-cisi kiçik hərf, 2-cisi böyük hərf kimi qəbul edilir; başqa cür ifadə etsək, 1-ci qrupun ilk vahidi düyməyə köməksiz (Ctrl, Shift, AltGr və s.) basıldığı zaman yazılan simvol, ikinci vahidi isə «Shift» vasitəsilə basılan zaman yazılır. 2-ci qrupda olan simvolların yazılması isə, «AltGr» köməyi ilə/birləşməsi ilə olur; burada da, «AltGr və düymə» birləşməsinə «Shift»-i də daxil etsəniz, o zaman böyük hərf alınar və ya 2-ci qrupun 2-ci vahidi bir simvol kimi yazıda öz əksini tapar.

Etdiyimiz dəyişiklikdən sonra sənədi qeyd edib bağlayırıq.
Bu dəyişiklikdən sonra, istənilən yazı proqramında - openofis, gedit, firefox səyyahı, beynəlxalq şəbəkə (web) səhifələri və s. daxil olmaqla mən bir düyməyə basaraq öz doğma «ə» hərfimizi yazıram.

2. Buradakı hər hansı bir sənədin içində düzəliş etmək üçün gərək siz əsas istifadəçi (root=kök? məncə:əsas) kimi sistemə daxil olasınız. Bunun üçün Menu>System Tools>Root Terminal əmirin veririk. Məxfi sözünüzü yazdıqdan sonra ekrana gələn pəncərədə görünən aşağıdakı sətirdən sonra

root@memmedzadee:/ #

yuxarıdakı qovluğa doğru getmək üçün yazırıq:

cd /etc/X11/xkb/symbols

və «daxil et» (enter) düyməsinə basın; qarşınıza bu sətir gəlir:

root@memmedzadee:/etc/X11/xkb/symbols #

Bu qovluğun içində olanları görmək üçün isə burada «ls» (list=siyahı) əmirini verirsiniz:

root@memmedzadee:/etc/X11/xkb/symbols #ls

ardından «daxil et» düşməsinə basırsınız və pəncərədə mən burada olan bütün sənədləri və qovluqları görürsünüz. İstifadə etdiyiniz düzülüşün sənədini açıb dəyişiklikləri etmək üçün əmr verirsiniz:

root@memmedzadee:/etc/X11/xkb/symbols #gedit «müvafiq sənədinizi adı»

və «daxil et» düyməsinə basırsınız. Sistem sizin üçün bu sənədin içini açır.

Siz də, həmin sənədin içində dəyişiklik edib sənədi qeyd edib bağlayırsınız. Budur, etdiyiniz dəyişikliyə müvafiq olaraq, həmin düyməyə basdığınız zaman istənilən yazı proqramında - openofis, gedit, firefox səyyahı, beynəlxalq şəbəkə (web) səhifələri və s. daxil olmaqla bizim «ə» hərfi yazılır !

ƏLAVƏ:
Sisteminizə bizim «əƏ» hərflərini dəstəkləyən unicode fontlarından hansını yükləsəniz, bu yolla edilən düzəlişdən sonra həmin fontda olan «ə» hərfini rahat yaza bilərsiniz. Ubuntu-nun özündə olan fontlardan mənim araşdırmama görə, yalnız FreeSans fontu həm böyük, həm də kiçik «ə» hərfini dəstəkləyir. Lakin openofis-də yoxladığıma görə, mətn stabil alınmır. Odur ki, istər www.unicode.az , istərsə də http://wapm.250free.com saytlarından yükləyəcəyiniz fontlarla rahat işləyə bilərsiniz. Onu da qeyd edim ki, http://wapm.250free.com saytındakı fontlar .rar formatında arxivləşdirilmişdir. .rar arxivinin açılmasına dair problemi olanlara kömək edə bilərəm, məktub yazın.
Fontlarınızı /home/«istifadəçi adı»/.fonts qovluğuna yerləşdirdikdən sonra, terminaldan
sudo fc-cache -f -v
əmrini verin. Sisteminizin fontları yenidən qeydiyyatdan keçdikdən sonra eyni .../.fonts qovluğunda fonts.cache-1 adlı bir sənəd hazırlanacaq sistem tərəfindən. Hər ehtimala qarşı, son addım kimi, bu sənədi açıb içərisində qovluğunuzdakı fontların siyahısına bir nəzər salsanız, yaxşı olar.